Vikipediya:Kənd meydanı

Vikimedia Mərkəzi və Şərqi Avropa Görüşü 2023 barədə təəssüratlarım

Salamlar, Azərbaycandilli Vikipediyanın istifadəçiləri. Bəzilərinə məlum olduğu kimi 15-17 sentyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində sayca 10-cu (onlayn tədbirləri saymasaq) Vikimedia Mərkəzi və Şərqi Avropa Görüşü baş tutdu. Tədbirin adına baxmayaraq son illərdə Orta Asiyadan olan ölkələr də iştirak edir. Mən də bu tədbirdə iştirakımla bağlı bəzi fikirlərimi və öyrəndiklərimi burada bölüşmək istədim. Əvvala onu qeyd edim ki, mənimlə yanaşı daha 3 istifadəçimiz tədbirdə iştirak etmək üçün seçilmişdi. Bundan əlavə, 2 istifadəçimiz də öz hesabları ilə tədbirə qatılmışdı. Ümumilikdə, Azərbaycandilli Vikipediya 6 istifadəçi ilə təmsil olunurdu. Tədbirdə 31 ölkədən olan iştirakçılar qatılırdı. Təqaüdlə tədbirə qatılmış bütün iştirakçılar Tbilisinin mərkəzində yerləşən "Philharmonic" hotelində yerləşdirilmişdilər. Əsas tədbir 15 sentyabrda başlasa da, mən və Solavirum 14 sentyabrdakı Öyrənmə günündə iştirak etməyə dəvət edilmişdik. Bu səbəbdən sadəcə əsas tədbir üçün gələn iştirakçılardan fərqli olaraq 14 sentyabr yox, 13 sentyabrda Tbilisiyə gəldik. Açılış və qapanış mərasimləri, sessiyalar, çıxışlar hotelin 5-10 dəqiqəlik uzaqlığında yerləşən Tbilisi Dövlət Universitetində baş tutdu. Aşağıda tədbir zamanı iştirak etdiyim sessiyaların bəziləri haqqında məlumatlar bölüşəcəm. Qeyd edim ki, sessiyalar paralel keçirildiyi üçün bütün sessiyalara qatıla bilməmişəm.
- Öyrənmə günü (14 sentyabr)
Öyrənmə günü bu cür tədbirlərdə yeni olan iştirakçılar üçün nəzərdə tutulmuşdu. AzVikidən mən və Solavirum qatılmışdıq. Öyrənmə gününü qocaman vikipediyaçılardan biri olan Asaf Bartov aparırdı. Öyrənmə gününün əsas mövzuları mübahisələrin həll olunma üsulları, konfliktlərin idarə olunması, maraqların toqquşması və onun idarə olunması, kreativ düşünməyin yolları, yeni ideyaların tətbiqi üçün təcrübələrdən istifadə idi. Xüsusilə, mübahisələrin həll olunması mövzusundakı çıxış xeyli xoşuma gəldi, yeni şeylər öyrəndim, keçmiş səhvlərimi başa düşdüm. Düşünürəm ki, tez-tez mübahisələrin yaşandığı AzViki-də istifadəçilərin, eləcə də, inzibatçıların çoxu üçün aktual mövzu olmalıdır, bir çox istifadəçinin bu məsələlərdən xəbərsiz olduğunu düşünürəm, hətta yerli tədbirlərin birində bununla bağlı çıxış etmək istəyirəm. Bundan əlavə, öyrənmə günü zamanı inzibatçıların seçilməsi və statusunun alınması məsələsində qısa bir söhbət oldu ki, bu yaxınlarda bu məsələ ilə bağlı yeni təklif verməyi planlaşdırıram.
- 1-ci gün (15 sentyabr)
Əsas tədbirin birinci günündə açılış mərasimi baş tutdu. Təşkilat komitəsinin rəhbəri Mehman İbrahimov, eləcə də, digər şəxslərin çıxışı baş tutdu. Cimmi Ueyls də açılışa onlayn yolla qatıldı. Daha sonra sessiyalar başladı. İlk sessiyanın süni intellekt və vikipediya olması planlaşdırılsa da, mənə məlum olmayan səbəbdən həmin sessiya keçirilmədi, mənim üçün xeyli maraqlı bir mövzu olduğu üçün ləğv olunmasına üzüldüm. Rusiya ilə bağlı sessiyada Rusiya-Ukrayna mübaribəsinin vikipediyaya təsirindən, Rusiyada vikipediyaya oxşayan onlayn ensiklopediyaların yaradılmasından, belaruslu vikipediyaların RuVikidə üzləşdikləri çətinliklər danışıldı. Rəqəmsal təhlükəsizlik sessiyasında şəxsi məlumatların qorunmasından söhbət açıldı. Sessiyanı aparan iştirakçı fondun Etibar və Təhlükəsizlik Komandasının üzvü idi. Onunla etdiyim söhbətdə son 1-2 ildə AzVikidə şəxsi təhlükəsizlik mövzusunda baş vermiş bir neçə insidenti bölüşüb fikirlərini aldım, o da qeydlərini apararaq bu cür mövzularda onlarla əlaqə saxlamağın vacibliyini vurğuladı. İşarə dili sessiyasında Makedonca Vikipediyanın nümayəndəsi çıxış edərək işarə dilinin vikipediyadakı mümkün tətbiqindən, işarə dili ilə videoların çəkilməsindən danışdı və ideya xeyli xoşuma gəldi.
- 2-ci gün (16 sentyabr)
Tədbirin ikinci günü mənim üçün vikipediya tədbirlərinin keçirilməsinə həsr olunmuş sessiya ilə başladı. SPARQL sessiyasında Vikidata əsasında daha yaxşı axtarışlar aparmaq, sorğu yaratmaq barədə gözəl bir təqdimat oldu. Vikidatadakı məlumatlar əsasında sorğu yaratmaq funksiyasından anlayışım olsa da, bu barədə daha təkmil fikirlər əldə etdim. Gürcüstanda panorama azadlığı ilə bağlı sessiyada isə öyrəndim ki, Gürcücə Vikipediya bu məsələni həll etmək yolunda parlamentlə görüşməyə hazırlaşırlar. Onlar hüquqi irəliləyiş əldə etsələr də, yeni problemlə üzləşiblər: commons-da panaroma azadlığı xəritəsində Abxaziya və Cənubi Osetiyanın Gürcüstan ərazisi kimi göstərilməməsi məsələnin həll olunmasında çətinlik yaradır. Buna görə bu xəritənin dəyişdirilməsini istəyirlər. Azərbaycanın da bənzər ərazi problemi bu xəritədə öz əksini tapdığı üçün gələcəkdə AzVikinin də eyni problemlə üzləşəcəyini düşünürəm. Rumın və moldovalı vikipediyaçıların velosipedlər vasitəsilə ucqar məkanlardakı abidələrin fotolarının çəkilməsi barədə çıxışı da maraqlıdı idi. Daha sonra makedoniyalı vikipediyaçıların nadir xəstəliklər barədə məqalə yaratma layihəsi barədə çıxış oldu.
- 3-cü gün (17 sentyabr)
Əsas tədbirin son günündə makedoniyalı iştirakçının dronlar barəsində olan çıxışı diqqətimi cəlb etdi. Dronların istifadəsi barədə faydalı təlimatlarına qulaq assam da, Azərbaycanda dronlar barədə konkret tələblərin olmaması və məhdudiyyətlər, dron uçurmaq üçün Azərbaycanda 6 fərqli qurumdan icazə almaq məsələsi kefimi pozdu. Düşünürəm ki, gələcəkdə bu məsələ barədə görüşlərin birində müzakirə aparsaq gözəl olar. Çex vikipediyaçıların tematik müsabiqələr çıxışı vasitəsilə Çexcə Vikipediyada il ərzində keçirilən Qadınlar ayı (mart), İnsan hüquqları ayı (iyun), Çex Viki Foto (avqust-sentyabr) və Çexoslovakiya müsabiqəsi (oktyabr-noyabr) müsabiqələri ilə tanış oldum. Makedonca Vikipediyanın səfirliklərlə əməkdaşlıq sessiyası da mənim diqqətimi cəlb etdi, çünki özüm də Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq məsələsində marağım var və onlara bu barədə təklif vermək istəyirəm. Bağlanış mərasimində CEE Hub üçün yeni üzvlər seçildi, gələn ilki tədbirə namizəd olan iki şəhər (Tirana və İstanbul) açıqlandı.
Tədbirin proqramı haqqında bu qədər. Tədbirlə bağlı suallarınız varsa, aşağıda qeyd edə bilərsiz. Tədbir zamanı bir çox xarici istifadəçi ilə ünsiyyətdə olaraq fikir mübadiləsində oldum, problemlərlər tanış oldum. Tədbirdə AzVikini təmsil edən digər iştirakçılar olan A.Aida88, Patriot Kor, əziz otaq yoldaşım Solavirum, eləcə də, öz hesabları ilə qatılmış En Merker və Xayala Mammadliyə xüsusi təşəkkür etmək istəyirəm, həqiqətən, sizlə bu tədbirdə iştirak etmək və vaxt keçirmək zövq idi. Tədbir günləri zamanı vikipediya ilə bağlı xeyli söhbətlər apararaq gələcək layihələri müzakirə etdik. Xüsusilə, A.Aida88 xanımın vikipediya ilə bağlı gələcəkdə gözəl layihələri olacaq. Xayala Mammadli ilə də oflyan tədbirlərdə ilk görüşümüz oldu və gözəl söhbət etdik. Ümid edirəm ki, AzVikinin beynəlxalq tədbirlərdəki belə iştirakı davamlı olacaq. Hörmətlə, Azərbaycandilli Vikipediyanın istifadəçisi— Şiroi Akuma 18:22, 19 sentyabr 2023 (UTC)
- Dəyərli @White Demon xoş sözləriniz üçün minnətdaram, sizinlə dialoqda olmaq mənim üçün də çox xoş oldu. Məndə konfransla bağlı qısaca olaraq görüşlərimi sizlərlə bölüşmək istədim. Bu konfrans da mənim üçün xoş təəsüratlarla yadda qaldı. Konfrans mənim iştirak etdiyim ikinci beynəlxalq Vikipediya tədbiri idi. Mənim bu konfransa getməkdə əsas məqsədim, vikipediya səhəsində yeniliklərlə tanış olmaq və digər vikipediya layihələri iştirakçıları ilə tanış olmaq idi. Tədbir zamanı "CEE hub" üzvləri ilə aktiv təmasda oldum. Viktoriya Daronina, Stas Kazlovski, Klara Joklova, Jaan Meriniit və digərləri ilə vikipediya layihələri haqqda faydalı müzakirələr apardım. Konfransın ilk günü baş tutan açılış mərasimi məndə dərin və xoş təəsüratlar yaratdı. Cimmi Uelsin onlayn qoşulması və Gürcüstan parlamentinin nümayəndəsinin çıxışı tədbirin əhəmiyətliyini daha da artırdı. 3 gün ərzində keçirilən konfrans müddətində qoşulduğum sesiyalar, Anna Prodromou, Asaf Bartov, Natalia Çvik və Tomasz Şebrovski, Nikolay Artemyev, Manavpreet Kaur və Mehman İbrahimovun təqdimatları xüsusilə maraqlı və faydalı oldu. Bağlanış mərasimi və şəhər ətrafı tur isə yadda qalan hadisələrdən idi. Həm konfrans, həm də Tiflis şəhərindən xoş təəssüratlarla ayrıldım. Əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Hörmətlə: Xayala Mammadli (müzakirə) 11:12, 20 sentyabr 2023 (UTC)
- White Demon yazınızı maraqla oxudum. Sizin kimi dəyərli bir istifadəçini beynəlxalq tədbirlərdə görmək çox xoşdur. Çox təəssüf ki, bu sizin ilk beynəlxalq tədbiriniz idi. Arzu edirəm ki, bundan sonra bütün tədbirlərə siz də gedəsiniz. Ən azından Vikimaniyalarda iştirak etmək üçün çalışın, fondun müvafiq səhifələrində təqaüd proqramlarına müraciət edin və çalışın ki, sizi də seçsinlər. Hər zaman demişəm ki, sözügedən tədbirlərə gəzməyə, stori paylaşmağa, mollardan alış-veriş etməyə gedənlərdənsə sizin kimi əjdaha istifadəçilərin getməsi icma üçün daha önəmli və dəyərlidir. Eşq olsun sizə ! Hörmətlə:— Baskervill | müzakirə 20:21, 24 sentyabr 2023 (UTC)
- Xoş sözləriniz üçün təşəkkür edirəm, cənab @Baskervill Şiroi Akuma 15:59, 25 sentyabr 2023 (UTC)
- White Demon yazınızı maraqla oxudum. Sizin kimi dəyərli bir istifadəçini beynəlxalq tədbirlərdə görmək çox xoşdur. Çox təəssüf ki, bu sizin ilk beynəlxalq tədbiriniz idi. Arzu edirəm ki, bundan sonra bütün tədbirlərə siz də gedəsiniz. Ən azından Vikimaniyalarda iştirak etmək üçün çalışın, fondun müvafiq səhifələrində təqaüd proqramlarına müraciət edin və çalışın ki, sizi də seçsinlər. Hər zaman demişəm ki, sözügedən tədbirlərə gəzməyə, stori paylaşmağa, mollardan alış-veriş etməyə gedənlərdənsə sizin kimi əjdaha istifadəçilərin getməsi icma üçün daha önəmli və dəyərlidir. Eşq olsun sizə ! Hörmətlə:— Baskervill | müzakirə 20:21, 24 sentyabr 2023 (UTC)
- Yazmaq istədiklərimi əziz otaq yoldaşım yazıb artıq. Olduqca əhəmiyyətli idi deyə düşünürəm. Xüsusən də İvritcə Vikipediyadan götürüb tətbiq etmək istədiyim konvensiyalar var. Digər ölkələrdən tanış olduğum vikipediyaçılarla əla vaxt keçirdim, onlardan da çox şey öyrəndim. --► Hörmətlə: SolaVirum 09:49, 26 sentyabr 2023 (UTC)
- Salam əziz həmkarlarım. Əslində yazmaq istədiklərim təəsüratlarım çoxdur. İlk öncə məni bu konfransda iştirakımı təmin edən, seçilməyimə dəstək verən dəyərli "Azərbaycan vikimediaçıları" istifadəçi qrupuna təşəkkür edirəm. Maraqlı konfrans oldu həqiqətən. Biliklərimi təkmilləşdirdim. Bir neçə gün müddətində bir çox təlimlərdə iştirak etdim.
Ən maraqlısı “İnzibatçılar” üçün keçirilən təlim oldu. Ümid edirəm ki, mənimlə birlikdə bu təlimdə iştirak edən həmkarlarım SolaVirum və Şiroi Akuma yaxın günlərdə bu təlimin təcrübələrini praktiki olaraq inzibatçılar üçün tətbiq edəcəklər. Bir çox Vikipediya icmalarının üzvləri ilə yaxından tanış oldum və azərbaycandilli viki icması haqqında, keçirdiyimiz görüşlər, düşərgələr və s. haqqında məlumatlar verdim. İlk dəfə yol yoldaşı olduğum Şiroi Akuma haqqında xoş təssüratlarım vardır. Bir çox mövzuları müzakirə etdik. Gələcəkdə Vikipediya üçün hazırlamaq istədiyim layihələrə öz fikirləri ilə dəstək verdi. Hətta demək olar ki, sessiyalarda həmkarımın da marağını cəlb edən eyni mövzuları kəsb edən təlimlərdə iştirak edirdik. Maraqlı suallar verib, cavablarını özümüz üçün qeyd edirdik. SolaVirumisə hər zaman emosiyanallığı və hiperaktivliyi ilə fərqlənirdi. İstifadəçi:Patriot Kor həmkarım isə bir neçə Viki icma üzvləri ilə müsbət əlaqələr qurdu. (Məsələn, İzraildən olan istifadəçi ilə) və bilik mübadiləsi apararaq, bəzi vikipediya tool-larını öyrəndim. Hər zaman mənim üçün önəmli olan Türkdilli ölkələrin istifadəçi qrupunun üzvləri ilə daha sıx əlaqələr qurdum. Yaxın gələcəkdə ölkəmizdə keçiriləcək “Turkic” haqqında danışdıq. 160 nəfərin iştirak etdiyi bu konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarsıtandan, Serbiyadan, Bosniya-Hersoqavaniya, Hindistan olan dost vikipediyaçılar ilə yenidən görüşmək mənim üçün çox xoş oldu. Hər zaman bütün iştirak etdiyim konfranslarda Azərbaycanının təbliği üçün kiçicik suvenirləri və ya maqnitlərini özüm ilə aparıram. Gürcüstanın tarixi abidələrinə gəzinti mənim üçün ən yadda qalan oldu. Sonda kollektiv xatirə fotosu çəkildi. — A.Aida88 (müzakirə) 16:57, 28 sentyabr 2023 (UTC)
Louis Pierre Vieillot
Excuse me for writing in English - I cannot find your equivalent of en:Wikipedia:Embassy.
Lui Jan Pyer Vyeyo is misnamed. The man's name in French is "Louis Pierre Vieillot" not "Louis Jean Pierre Vieillot". A footnote on the English-language article about him explains. Please rename it. Pigsonthewing (müzakirə) 15:55, 24 sentyabr 2023 (UTC)
- @White Demon nəzər yetirin.— Bikar müzakirə 15:57, 24 sentyabr 2023 (UTC)
Şiroi Akuma 16:45, 24 sentyabr 2023 (UTC)
Azərbaycan–Vyetnam Mədəni Mübadilə Proqramı
Hər kəsə salam. Bildiyiniz kimi, noyabr ayında qlobal formatda "Asiya ayı" keçiriləcək. Düşünürəm ki, bu layihəyə paralel olaraq "Azərbaycan–Vyetnam Mədəni Mübadilə Proqramı"nı keçirə bilərik. Bu proqramın əsas məqsədi Azərbaycanca Vikipediyada Vyetnam, Vyetnamca Vikipediyada Azərbaycan haqqında məqalələrin yaradılması olacaq. İlk üç yeri tutan istifadəçilərə mükafatların verilməsi düşünülür. Bizə müəyyən bir jüri heyəti də lazım olacaq.
Mənim fikrimcə bu təşəbbüs təkcə Azərbaycanca Vikipediyanın məzmununu zənginləşdirməklə kifayətlənməyəcək, həm də iki viki-icma arasında əlaqələrin təkmilləşdirilməsi üçün bir vasitə olacaq. Xarici vikilərlə çox işləmirik və məncə bu, olduqca qəşəng bir imkandır. Bu təklifi Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupu adından Vyetnam Vikimediaçıları İstifadəçi Qrupuna ünvanlamazdan əvvəl Azərbaycanca Vikipediyanın icmasından səsvermə formatında təsdiq almaq istəyirəm. Düşüncələriniz nədir? Bu təkliflə bağlı hər hansı sualınız və ya narahatlığınız varsa, cavablamağa hazıram.
- Səsvermə
Lehinə: təklifi irəli sürən olaraq. --► Hörmətlə: SolaVirum 12:06, 25 sentyabr 2023 (UTC)
Lehinə: (lakin, ümid edək ki, o vaxtda lokal antiterror əməliyyatları bitsin və aktivlik yüksək olan məqalələrdə olan məlumatlar dəqiqləşsin)— Bikar müzakirə 12:13, 25 sentyabr 2023 (UTC)
Lehinə: Mən təklif edərdim ki, jüridə White Demon, özünüz və Wertuose olsun. — Araz Yaquboglu (müzakirə) 12:17, 25 sentyabr 2023 (UTC)
Lehinə: əlbəttə. baş tutsa əla olar. Atakhanli (müzakirə) 12:21, 25 sentyabr 2023 (UTC)
Lehinə: Təşəbbüsü dəstəkləyirəm. Amma məqalə siyahısı da hazırlaya bilsən, yaxşı olar.--Wertuose (müzakirə) 13:18, 25 sentyabr 2023 (UTC)
Lehinə: Vyetnam–Yaponiya münasibətlərinə dair məqalələr də məndən olacaq ;)— Şiroi Akuma 16:00, 25 sentyabr 2023 (UTC)
Lehinə: fikrimcə çox əla olar — Sahil ;) (müzakirə) 21:26, 26 sentyabr 2023 (UTC)
Lehinə: Daha maraqlı bir ölkə olsa lap yaxşı olardı.— Baskervill | müzakirə 02:38, 27 sentyabr 2023 (UTC)
Lehinə: Niyə də yox?. Dəstəkləyirəm — A.Aida88 (müzakirə) 17:00, 28 sentyabr 2023 (UTC)
- Müzakirə
Wertuose, "CEE Spring" və "Asian Month"dan nümunələr var. Bu təsdiq olunandan sonra, onlardan istəyəcəyəcəm siyahı (əgər Asiya ayından kənar nəsə istəyirlərsə). --► Hörmətlə: SolaVirum 13:46, 25 sentyabr 2023 (UTC)
Salam. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (idman) qaydası demək olar ki, tam hazırdır. @Baskervill, sağolsun vaxtilə bu qaydanı tam tərcümə edib. Bircə "Qeydlər" bölməsi qalıb məncə. O da ki, düşünürəm ki, çox az vaxt aparan bir şey olar. Hər bir halda qayda yenidən redaktə edilə bilər. O ki qaldı ən çox gözə çarpan, Azərbaycan və region başda olmaqla, Dünyada çox məşhur olan futbol, voleybol, güləş, karate, kun-fu, cüdo kimi tanınmış idman növləri barədə ayrıca başlıq olmamasına, EnVikiyə filan baxsaz, orda da qayda bu cürdü. Çünki həmin idman növlərində qaydanın ya məsələn 2-ci bəndi olan "Əsas kriteriyalar" əsas götürülür, ya da elə VP:ŞEƏ qaydasındakı bir sıra meyarlar. Bəzi vikilərdə məhz futbol barədə sırf ayrıca qayda da var. Tez-tez AzVikidə idmançı məqalələrinin SNS edildiyini görürəm. Bu zaman əksər hallarda nə silinsin deyən fikrini əsaslandırır, nə qalsın deyən və bu şey bəzi hallarda istər-istəməz qeyri-adekvat hallara səbəb ola bilir. Bu baxımdan düşünürəm ki, bu qaydanı müzakirə edib, təkmilləşdirib rəsmi prinsip kimi qəbul edə bilərik. samral müzakirə 02:09, 28 sentyabr 2023 (UTC)
- Qəbul olunmasını dəstəkləyirəm, amma qayda 6 il əvvəl yazılıb, səsverməyə çıxarmamışdan qabaq yaxşıca nəzərdən keçirib son təkmilləşdirmə işləri aparılmalıdır. Şiroi Akuma 17:01, 28 sentyabr 2023 (UTC)
- Salam. Qaydaları tərcümə edən @Baskervill təşəkkür edirəm. Həqiqətəndə son dövlər maraq kəsb edən sahədir. samral müzakirə qeyd etdiyi kimi son dövlər SNS-də səs vermədə irəli sürülən iddialara əsasən bu qaydalar təkmilləşərək təsdiq olunsa yaxşı olar. Bu meyarlara əsasənda fikir bildirmək daha məqsədəuyğun olar düşünürəm. — A.Aida88 (müzakirə) 17:06, 28 sentyabr 2023 (UTC)
Qeydiyyatdan keçmədən məqalə yaratma və redaktə etmə
Hər kəsə salam. Son zamanlar patrullamaq üçün yoxladığım bəzi məqalələrdə xoşagəlməz ifadələrə rast gəlirəm. Misal üçün Həsən bəy Zərdabi məqaləsinə. İP üzərindən edilmiş xoşagəlməz redaktə. Düşünürəmki İP istifadəçiləri üçün xüsusi qaydalar və qadağalar hazırlamaq olar. Bunun texniki tərəfi baxımından digər vikipediyalarda tətbiqi barəsində məlumatım yoxdur. Sizcə İP istifadəçiləri üçün xüsusi qaydalar varmı? Misal üçün məhz elə kənd meydanında yalnız avtotəsdiq almış istifadəçilərə icazə verildiyi kimi. — A.Aida88 (müzakirə) 17:32, 28 sentyabr 2023 (UTC)
- məncə lazım deyil, bu tip editlər hər zaman olub. daha pisləri də olub :) həm də iplərə qadağa qoymaq vikipediyanın azad ensiklopediya olmasını bir növ pozur. iplər tərəfindən faydalı editlər olur, hətta məqalə yaradanlar da olur faydalı. ona görə bu tərəfdən də lazım deyil. Atakhanli (müzakirə) 17:44, 28 sentyabr 2023 (UTC)
Qadcetin defolt edilməsi
Salam hər kəsə. Təklif edirəm ki "İnzibatçıların, bürokratların və interfeys inzibatçılarının istifadəçi adlarının yanında hüquqlarının hərf şəklində göstərilməsi" qadcetini defolt olaraq hər kəsdə aktiv edək. Bu həm yeni istifadəçilərə kimin inzibatçı olub-olmadığını anlamaqda kömək edəcək, həm də qadcetdən xəbəri olmayan istifadəçilər xəbər tutmuş olacaq. İstəməyənlər nizamlamalardan söndürə biləcək qadceti. Nümunə üçün bu videoya baxa bilərsiniz. Nemoralis (müzakirə) 07:42, 29 sentyabr 2023 (UTC)